Создание сайтов

Avropanın əsas “pendir və şokolad” şəhərlərindən biri olan İsveçrə gözəli Lüsern, bugünkü dayanacağımız olsun. Eyni adlı alman dilli əyalətin  paytaxtı sayılan Lüsern, mərkəzi İsveçrənin əhalisi ən sıx məskunlaşmış şəhərlərindəndir.

Lüserndə gəzmək üçün bir gün artıqlaması ilə kifayət edir. Belə ki, bir gün ərzində gəzə bilmək üçün ən görməli yerlərdən “Şir abidəsi”, “Kapel körpüsü” (elə onun da yanında “Wasserturm” yəni “su qalası”nı görə bilərsiniz), “Leodeqar kilsəsi”ni siyahıya əlavə etmək olar. Burada məşhur taxta Kapel körpüsü haqda deyim ki, hələ 1333-cü ildə tikilib, 1993-cü ilin avqustunda isə siqaretdən səbəb olan alışma ilə yanmışdır. Körpünün tavanında intibah dövrünə aid rəsmləri belə görmək mümkündür. Təmir işləri aparıldıqdan sonra bugün də qürurla Lüserni təmsil etməkdədir.

Daha sonrakı məşhur görməli yer “Şir abidəsi”dir ki, bu da 1792-ci ildə fransız inqilabı zamanı həlak olan isveçrəli əsgərlərə həsr olunmuşdur. Leodeqar kilsəsi isə 735-ci ildə tikilsə də 1633-cü ildə intibah dövrü stilində yenidən bərpa olunmuşdur. Bütün bu görməli yerlərin qabağında durub şəkil çəkdirmək pulsuzdur.

İndi isə keçək qiymətlərə. Burada qiymətlərin baha olması yəqin ki, məlumdur. Ancaq daha az xərc çəkmək istəyirsinizsə, yəni bel çantanızda lazım olan: termosunuzda kofeniz və yeməyə mağazadan alıb hazırladığınız pendir-çörəyiniz varsa, qayıdanda da ancaq şokolad və souvenir alıb qayıdacaqsınızsa- onda bu mümkündür. Çünki qıraqdan alacağınız kofe sizə azı 7 avroya, vegetarian (!) sendviçlər də ən azı 10-12 avroya başa gələcək. Xatırladım ki, biz Lüsernə Zürixdən getdiyimizə görə qatarla gedib-gəlmək 45 avroya başa gəlmişdi. Lüserndə gəzərkən yerli qatarlar və avtobuslardan istifadə etmək üçün günlük transport kartı ala bilərsiniz ki, bu da 8.20 isveçrə frankına bərabərdir (əgər gəzməklə aranız yaxşıdırsa onda buna ehtiyac yoxdur, zatən balaca şəhərdir). Otellər burada bahadır, biz Zürixdə otel götürdüyümüzə görə Lüserndə qalmadıq. Lüserndə otellər günü 120 avrodan ucuz deyil, halbuki Zürixdə getdiyiniz vaxtdan və şəhər mərkəzindən uzaqlılığına görə bundan iki dəfə ucuzunu tapmaq olar. Otel rezervasiyası üçün mənim əsas istifadə elədiyim hotels.com saytının mobil tətbiqetməsidir, hansı ki buna görə 10%-ə qədər endirim əldə eləmək mümkün olur.

Uçuş biletləri üçün isə əsas istifadə elədiyim momondo.com -dur, çünki uzun uçuşlara səbrim olmadığına görə sırf daha az müddətli uçuşlar üçün ən uyğun variantları tapmaq mümkündür.

Hə, bir də yadımdan çıxmamış İsveçrəyə gəlmişkən bunların fondüsünü dadmağı da unutmayın. Bir neçə çeşid pendiri əridərək suxarını və mini kartofları ona batıraraq yemək üçün azı 25 avro ödəyəcəksiniz. Bunun alkoqollu və alkoqolsuz növləri var ki, qiymətlərində elə də böyük fərq yoxdur. Ancaq onu da deyim ki, fondü verilən restoranlarda istifadə elədiyiniz çəngəl-bıçağa görə də 7.5 avro əlavə ödəyəcəksiniz (bir növ servis haqqı kimi, adını çekdə fərqli yazsalar təəccüblənməyin).

Belə ki, nə qədər çox pul xərcləyərək ürəyinizi ağrıtsanız belə, gözəl təbiəti və inanılmaz təmiz küçələri, saysız-hesabsız saat dükanları (bəxtiniz gətirsə endirimlərdən yararlana bilərsiniz), ətirləri ilə sizə gəl-gəl deyən amma qiymətcə qızıla bərabər şokolad və  pendirləri ilə, nadir halda görəcəyiniz cavan əhalisi ilə İsveçrə sizin unudulmayan xatirəniz olacaqdır. Xoş istirahətlər!

Evdəolmayan: Amelia Seyidova

 

Tags : featured
Leave a Reply