Создание сайтов

7 ölkə 10 şəhəri əhatə edən Pribaltika qrup turumuzda öncədən bungee jumping planlamışdıq (Balkanların Fəthi qrup turunda edə bilmədiyim) və bunun üçün marşrutumuzdakı şəhərlərdən Siqulda’nı (Latviya) seçdik.

Riga’da 50km uzaqlıqda yerləşən şəhərin əsası 1207-ci ildə qoyulub, paytaxtdan bura gəlməyin ən rahat yolu – elektrik qatarlarıdır. Qatarla yol 1 saata yaxın davam edir, bilet qiyməti bir tərəfə 1.9Avro’dur, qiymətə əla işləyən yüksək sürətliWi-Fi də daxildir.

Siqulda kiçik bir şəhər olsa da, görüləsi bəzi maraqlı yerləri var. Turaida Castle və Old Sigulda Castleadlı muzey-qalaları var, biz başqa şəhərlərdə qalada olduğumuz üçün burada getmədik. Əvəzində Canes Park (Əsa parkı), Keys Garden və çox maraqlı olan Gutmanis Cave-i gördük. Tarixi yerlərlə yanaşı əyləncə üçün Tarzans adlı attraksion parkı var, xüsusilə uşaqlı ailələrin bütün günü əyləncəli keçirə biləcəkləri əla bir yerdir.

Və təbii ki, bura əsas gəliş məqsədimiz bungee jumping etmək idi. Tullanışı Sigulda adventures adlı şirkət gerçəkləşdirir, bungee ilə yanaşı aerodium və zipline kimi maraqlı əyləncələri də var. Öncədən şirkətlə yazışaraq gün və saat təyin etmişdik, tullanışdan öncə qeydiyyat masasına gəlirsən və orada həm çəkini ölçürlər (çəkiyə uyğun hər kəsə qol bandı verilir) eləcə də bütün məsuliyyəti və risqi üzərinə götürdüyünə dair, hər hansı ürək-damar xəstəlikləri və s. olmadığına razılıq verən anlaşma imzalayırsan. Tullanış 1 nəfərə 60Avro, ikili tandem tullanışı etmək istəsəniz 105Avro, video çəkiliş isə 15Avro təşkil edir.

Daha sonra qrup toplanır, hər kəsə tullanış ləvazimatları bağlanır, ardınca kiçik bir vaqon ilə tullanış edəcəyin çayın üzərinə gəlirsən. Hündürlük 43m təşkil edir, əslində digər ölkələrdəki məkanlarla müqayisədə çox azdır və suya toxunmursan. Lakin tullanışdan öncə vaqonun kənarında dayandığınız zaman aşağı baxsanız (mən etdiyim kimi) əməllicə həyəcanlı olacaq, hətta tullanışdan imtina etmək istəyəcəksiniz. Ona görə də bungee edəcək izləyicilərə tövsiyyəm harada ve neçə metrdən tullanmaqdan asılı olmayaraq tullanışdan öncə aşağı baxmamaqdır. Bir neçə saniyə davam edəm bu ekstrim hissi yaşamaq bucket listimdə idi (etmək istədiklərimin siyahısı) onu da bu səyahətimdə gerçəkləşdirmiş oldum. Tullanış zamanı kameralı kaska ilə də tullanaraq daha sonra videonu satın ala bilərsiz, əvvəlki illər kaskadakı kamera GoPro olduğundan çəkiliş daha əlaydı (youtubeda gördüyüm qədərilə), indiki kameraları – yalnız üzü (emosiyaları) çəkir.

Məqaləyə 3 fərqli nöqtədən çəkilmiş videolardan hazırladığım klipi də əlavə edirəm, xoş seyrlər. Oxuduqdan və videoya baxdıqdan sonra fikirlərinizi mütləq bölüşün 🙂 Video, məqalənin ən yuxarısındadır.

 

 

Tags : featured
Leave a Reply