Laplandiya!
Minlərlə insanın xəyalında yer edən ecazkar şəhər!
Kontrastlar şəhəri Laplandiyada qışda şimal gecəsində hər yer zülmətə bürünür, yayda isə günəş bütün sutka boyunca işıq saçır. Bir çoxlarının görmək istədiyi Aurora Borealis – Şimal Qütb işıqlarının ən yaxşı göründüyü ölkələrdən biri də məhz Laplandiya – Finlandiyadır. İl boyunca ortalama 200 gün bu təbiət möcüzəsini görmək mümkündür.
Bununla yanaşı gözəl təbiətə sahib olan Laplandiyanın ətrafında xeyli sayda müxtəlif aktivitələr var, xizəksürmə, qar maşınları ilə tur (snowmobile), maral və haskilərdən ibarət safari, buzda balıq tutma onların yalnız kiçik bir qismidir.
Gerçək Santa Klaus’un rəsmi evinin və poçt şöbəsinin Rovaniemi şəhərində olması isə bütün dünyadaninsanların bura gəlməsinə bir başqa səbəbdir.
Yeni ili Laplandiyada keçirmək arzumuzu bu il gerçəkləşdirmək üçün 28 dekabr – 3 yanvar tarixlərində Finlandiyada olacağıq. Səyahətimizin proqramı aşağıdakı kimidir:
28 dekabr. Tbilisi’dən səhər uçuşu ilə Hensinkiyə gəlmək. Helsinkidə 3-4 saatlıq mini şəhər turu. Günorta saatlarında Helsinki Rovaniemi uçuşu. Villaya yerləşmə. İstirahət.
29 dekabr. Səhər 10.00-da Santa Parkına giriş. Burda bir sıra əyləncələr, o cümlədən Magic train təcrübəsi, İce Gallery, Elf Show,Poçt şöbəsindən Yeni il açıqçaları göndərmək bizi gözləyir. Santa Park dünyada yeganə məkandır ki, Şimal Qütbünü yerin altından keçmək mümkündür (Crossing the Arctic Cicle Underground). Şəhərcikdə yerləşən İce Gallery-də buzdan gözəl heykəllər görəcək, buzlu stəkənlarda içkilərin dadına baxa biləcəyik. Angry Birds fanatları üçün xüsusi zona da burada yerləşir ki, sevdiyiniz oyunu real ölçülərdə oynaya bilərsiniz. Şəhərcikdə yerləşən Kota Kafedə nahar fasiləsində isə Elflərin şousunu izləyəcəyik. Santa parka giriş bileti və nahar turun qiymətinə daxildir.
30 dekabr. Yeni il öncəsi son günümüz Santa Claus Village-də bayram əhvalında keçəcək, səhər 10-dan etibarən Santa Claus Şəhərciyində olacağıq (ötən günkü Santa Park və bugünkü Santa Claus Village tam fərqli məkanlar, fərqli ərazilərdir). Santa Claus’un rəsmi iqamətgahı və eləcə də əsas poçt şöbəsi məhz burada yerləşir. Dünyada yeganə gerçək Santa Claus-u burada görəcək, onunla 87654 ədəd foto çəkdirəcəyik, gələn il üçün arzumuzu şəxsən özünə deyə biləcəyik. Bu şəhərcikdə xeyli sayda müxtəlif suvenir maqazinləri, hədiyyəlik dükanlar, Milad Bayramı (Christmas) sərgisi, xeyli sayda müxtəlif aktivitelər var ki, gün boyunca onlara qatılacağıq. Şəhərciyin bir başqa önəmli məqamı – Şimal Qütb dairəsinin (Arctic Circle) məhz buradan keçməsidir ki, biz də onu birlikdə keçəcəyik.
Axşam evə döndükdən sonra isə isti saunamız ardınca villamızın terrasında isti şokoladımızı içərək sabahkı bayram planlarımızdan danışacağıq. Günün sonunda isə 2019-cu ilin ən son mafiası oynanılacaq! (“mən mafia deyiləm”)
31 dekabr. Yeni il! Səhər yuxudan oyanıb bayramlaşdıqdan sonra axşamkı Yeni İl partysinə hazırlıqlara başlayacağıq. Biz düşünürük ki, ən gözəl Yeni il lux, bahalı restoranlarda deyil, kamin yanında bir masa ətrafında birlikdə keçirilən bayramdır. Axşam üçün hazırlıqlarımızı görəcək, 2019-un xatirələrindən, necə keçməsindən söhbətlər edəcək, bu il ən yadda qalan anlarımızı bir-birimizlə bölüşəcəyik. Saat 12-də qədəhlərimizi toqquşduranda əminəm ki, ürəyində “oy daa, mən hardayam, arzularım gerçək oldu” düşünənlər olacaq.
01 yanvar. Səhər oyanan kimi dədə babadan qalma adətimizi pozmuruq, ötən gündən qalmış “stoliçnı” salatımızı və digər yeməklərimizdən yeyib yola çıxırıq. Yeni ilin ilk gününü əyləncəli və macəra dolu keçirmək üçün yaxın bölgələrdən Levi və ya başqa şəhərdə xizək sürməklə (skiing) məşqul olacağıq. Xizək və ya snourbord sevməyənlər,“Xizəyi Şahdağda da sürmək olar” deyənlər isə bölgənin ən yaxşı zooparkı olan, bir sıra şimal qütbündə yaşayan nadir heyvanların olduğun Ranua Zoo-ya gedə biləcəklər.
Gecə isə Şimal Qütb işıqları Aurora Borealis-i görməyə gedəcəyik, planımız bu təbiət möcüzəsini izləmək, onun fonunda Lapland stilində picnic etməkdir.
02 yanvar. Free time olaraq ayırdığımız bu günü iştirakçılar istədikləri kimi keçirə bilərlər. Snowmobile adlanan qar maşınlarında safari, buzda balıq tutma (ice fishing), ice music festival – şəhərdə edilə biləcək aktivitələrin bir qismidir. Getmək istədiyim xüsusi maraqlı bir məkan var ki, onu da sürpriz saxlayım, tur iştirakçıları ilə paylaşacağam.
03 yanvar. Bugün səhər qaldığımız evdən check out etdikdən sonra Arktikum muzey – elmi mərkəzində olacağıq. Giriş biletinin tura daxil olduğu bu unikal muzeydə şimal qütbünə aid bir sıra maraqlı məlumatlar öyrənəcək və görəcəyik. Günorta saatlarında isə Rovaniemi – Helsinki, ardınca isə Helsinki – Tbilisi uçuşu ilə turumuz sonlanmış olacaq.
Hazır buralara qədər gəlmişkən mən Yeni il səyahətimi bu il avqust ayında etməyi planladığım Skandinaviya turuna çevirəcəyəm. 2 gün də əlavə qalaraq Oslo və Stokholm (Norveç və İsveç) gəzdikdən sonra Tbilisi üzərindən Bakıya qayıdacağam. Helsinki – Oslo, Oslo – Stokholm biletləri hazırda çox münasibdir, o bölgəyə getmişkən bu 2 ölkəyə də baş çəkəcəyəm. Qrup yığıdığı zaman kim istəsə mənimlə birlikdə 2 gün də davam edə bilər, kim istəsə 3 yanvar geri dönə bilər. Hər 2 ölkədə bütün günü gəzəcəyim üçün büdcəli hostellərdə qalmağı düşünürəm.