Yolunuz İndoneziyaya düşərsə Coqcakarta (və ya Yoqyakarta) şəhərini ziyarət etməyi əsla unutmayın deyərdim. Çünki burada tarixi yerləri sevənlər üçün çox sayda görməli yerlər var.
Bunlardan biri də Mərkəzi Cavada yerləşən və 10-cu əsrə aid olan Prambanan hindu məbədi kompleksidir. Bu məbəd özü də üç əsas zonadan və 240-a yaxın xırda məbədlərdən ibarətdir ki, bunların tikintisi Ramayana dastanında təsvir edilən əfsanələrə əsaslanır. Belə ki, kənar zona bağ və geniş parkı əhatə edir. Orta zona müdafiə xarakterli divar-qalalardan ibarətdir. Nəhayət əsas məbədlərin yerləşdiyi daxili zonada üç böyük türbə yerləşir ki, bunlar üç böyük hindu tanrısına həsr olunmuşdur: Brahma (Yaradan), Vişnu (Qoruyan) və Şiva (Məhv edən). Burada həmçinin Vahana məbədlərini də görə bilərsiniz.
Qeyd edim ki, Cava İndoneziyanın seysmik aktiv bölgəsidir və tez-tez baş verən zəlzələləri ilə gündəmdədir. Belə ki, 17-ci əsrdə baş verən güclü zəlzələdən sonra məbəd demək olar ki, undulmuş və 19-cu əsrdə britaniyalılar tərəfindən yenidən kəşf edilmişdir. 1930-cu ildən başlayan təmir işləri hələ də davam edir və əsas məbədlərin sadəcə 75%-i bərpa edilmişdir.
2006-cı ilin mayında baş vermiş zəlzələ ciddi dağıntılara səbəb olmuşdur, hansı ki məbədlərdən biri tamamilə dağılmış və onun xatirəsinə yazılı daş abidə qoyulmuşdur və Şiva məbədinə giriş məhdudlaşdırılmışdır.
Məbədə giriş üçün 20-25 avro civarında məbləğ ödəyəcəksiniz. Və kompleksdə Ratu Boko adlı saray da yerləşir ki, ona isə ayrıca 10 avro ödəməli olacaqsınız.
Əgər may-oktyabr ayları arasında getmisinizsə xatırladım ki, həftənin ikinci və üçüncü günləri burada “Ramayana” açıq hava teatrlar tamaşalarını da izləyə bilərsiniz. Bu tamaşaya baxmaq üçün 100,000 rupiah və ya 6 avro ödəyəcəksiniz.
Kompleksin çıxışında böyük bazar yerləşir ki, burada xırda suvenirləri, maqnitləri, mini brelokları və s. az qala kilo ilə satırlar (mən 5 dənə breloka 1 avro ödəmişdim).
Qaldı ki, məbədə necə gələ bilərsiniz, belə ki Malioboro küçəsindən (bura şəhərin ən məşhur küçəsidir, gəlməyə dəyər) 20 dəqiqədən bir avtobuslar gəlir və gedib gəlmək yarım avrodan da az başa gəlir. Yox əgər daha rahat gedib gəlmək istəyirsinizsə onda taksidən istifadə edin cəmi 3-4 avroya başa gəlir (ehtiyatlı olun sizi qiymətdə aldatmasınlar).
Hə bir də Cokcakarta (Yoqyakarta) şəhərinə necə gəlib çıxdım, Cakartadan təyyarə ilə 60 dollar civarında bilet ilə gəlmişdim.
Həmişə gəzməkdə!