Love storyParis

Sevgini Parisdə çəkmək

Hər bir insan ömründə bir dəfə də olsun Paris’də olmağı necə arzulayırsa, bir fotoqraf olaraq Paris’də love story çəkməyi bir o qədər çox arzulayırdım. Etdiyim bütün çəkilişlərin, ölkə xarici love storylərimin öz yeri olsa da, hətta daha uğurlu çəkilişlərim olsa belə – Paris’in yeri məndə ayrıdır.

Əgər sənin bəxtin gətirib və sən gəncliyində Paris’də olmusansa, ondan sonra harada olmağından asılı olmayaraq ömrünün sonuna kimi bu, səninlə qalacaq. Çünki Paris – həmişə səninlə olan bayramdır.

Ernest Heminquey “Həmişə səninlə olan bayram”(“Праздник, который всегда с тобой”) əsərindən.

 

Paris’də çox az müddət – 2 gecə oldum, amma Paris bəlkə də yeganə şəhərdir ki, bu şəhərdə olarkən, havalimanından çıxıb otelə gələrkən və s. içimdə izahsız, səbəbsiz bir xoş həyəcan vardı.

Əsərin qəhrəmanları isə bir-birlərinə sevgi ilə bağlı olan Elçin və Aytən cütlüyümdür. Bəzi cütlüklər var ki, fotosessiya zamanı istiqamət vermək, pozalar üçün ideya vermək lazımdır, bəzi cütlüklərdə isə buna ehtiyac qalmır, hər şey öz-özünə, təbii olaraq alınır. Onlar məhz belələrindəndirlər.

Çəkilişə Arc de Triomphe (Zəfər Tağı) ətrafından başladıq, otelimiz bura yaxın yerləşdiyi üçün. Bu abidə Paris’dəən çox fotosu çəkilən abidələrdən biri olduğu üçün ətrafda turistlər də çox idi. Növbəti çəkiliş məkanımız Notre Dame Cathedral (Notr Dam Kilsəsi) kilsəsi idi. Dini məkanların daxilində çəkiliş etməyi doğru hesab etmədiyim üçün içində olsaq da orada çəkmədim, yalnız kilsənin fonunda etdik. Kilsə yaxınlığında Zero Point (0-cı kim) deyilən nöqtə var, bütün Fransanın yolları buradan başlayır, bir neçə kadr da burada etdik.

Rəvayətə görə Zero Point yanında dayanıb arzu tutduqdan sonra onu 1 ayaq üstə dövr etdiyiniz zaman arzu həyata keçirmiş. Orada olarkən sınayıb yoxlaya bilərsiniz

Növbəti kadrlarımızı Sena çayı sahilində, ardınca isə Pont Alexandre III (III Aleksandr Körpüsü) üzərində etdik. Bu körpü, Paris’dəki ən gözəl körpülərdən biri hesab edilir, turistlərlə yanaşı fransızların da sevdikləri körpüdür, gənclər burada bir-birlərinə evlilik təklif edir, sevgilərinin əbədi olması üçün simvolik olaraq körpüyə qıfıl bağlayırlar.

Bu kadrlardan sonra çəkilişimizin önəmli bir bölməsini Eiffel Tower (Eyfel Qülləsi) ətrafında etdik, həm sərbəst, həm də yarı-klassik stil olaraq. Burada çəkilən fotoları internetdə o qədər görmüşdüm ki, yəqin ki, bir bütün günü sadəcə Eyfel fonunda çəkiliş apara bilərdim.

Çəkilişimizin sonunda isə otel restoranında romantik şam yeməyi, Louvre Museum (Luvr Muzeyi) ətrafında, ardınca isə Eyfel ətrafında etdik. Eyfel fonunda gecə çəkilişi etmək – öncədən plana daxil idi, hər nə qədər asistensiz işıqlandırmanı qurmaq narahat və çətin olsa da. Sonda fotolara baxdığım zaman ən ürəyimcə olan kadrların məhz axşam Eyfel fonunda olanlardan çıxdığını görürəm.

Doğrudur ki, sevginin fəsli, şəhəri olmaz, heç şübhəsiz ki, doğma Bakı’mızda yaxşı love story çəkmək olar; lakin Paris’də love story bir başqadır. Bir gün yenidən bu sevgi şəhərə gəlmək diləyilə, fotoları paylaşıram sizlərlə. Baxın və dəyərli fikirlərinizi bölüşün mənimlə 🙂

 

 

 

Tags : featured
Leave a Reply