Londonda love story fotosessiyası türklər demiş tabiri caizsə təsadüfən alındı. Toy və toydan öncə edəcəyimiz love story fotosessiyalarını müzakirə etmək üçün Kamran və Aytən ilə görüşmüşdüm, görüş əsnasında məlum oldu ki, məzuniyyət törənində Kamranın yanında olmaq üçün Aytən də ora gedəcək. Beləcə London ideyamız yarandı.
Nə hikmətdirsə, həmin ərəfədə Bakıda Bisque kafesində bir başqa çəkiliş edən zaman kafenin kitab rəfində“London lovers” adlı bir kitaba rast gəlmişdim (müəllifi yadımda qalmayıb), bilet və vizamı aldıqdan sonra səfər öncəsi o kafeyə gedib kitabı çəkilişdə istifadə etmək üçün müvəqqəti olaraq borc götürdüm. Elə fotosessiyamızın adı simvolik olaraq London Lovers oldu;daimi izləyicilərim həmin ərəfədə paylaşdığım fotolardakı#londonlovers haştagını xatırlayacaqlar yəqin ki.
Söhbət düşmüşkən, UK vizası 6 aylıq və multi olaraq (çox girişli) verilir. Sənədləri, Demirchi Tower’də yerləşən TLS contact-a vermişdim, onlar da İstanbula göndərirlər. Sənədləri verdiyimdən tam 8ci təqvim günü pasportum Bakıda idi, içindəki vərəqlərdən birində səbrsizliklə gözlədiyim viza ilə birlikdə. Mənə görə, turist olaraq gediləcəyi sübut sənədlərlə sübut oluna bildiyi təqdirdə UK vizası almaq Şengen vizası almaqdan daha asandır;sadəcə ərizə forması (application form) 11A4 tutmuşdu, onu diqqətlə doldurmaq lazımdır.
Hər nə qədər Kamran Londonda təhsil aldığı üçün şəhəri tanısa da, getməzdən öncə 1 günlük çəkiliş üçün məkan və stil baxımdan plan qurdum, Aytən də həmin məkanlara uyğun geyim və aksessuarları hazırladı.
Əhalisi 9 milyona yaxınlaşan London böyük bir şəhərdir, arxa fonları seçərkən ilk baxışdan oranın London olduğu bilinəcək məkanlar olmasına çalışdım. Həmin gün günəşli hava olduğu üçün günəş tam yüksəkdə olmadan, həm də günortaya doğru turistlər daha çox olacağından çəkilişə ilk olaraq mərkəzdən başladıq. Bu hissədə Temza çayı üzərindəki körpüdən London Eye, Big Ben (hal-hazırda təmirdə olan) eləcə də Parlament binasını (House of Parliament London, Westminster Palace) rahatlıqla fotolarda fon kimi istifadə etmək olur.
Daha sonra məşhurWestminster Abbatlığı (Westminster Abbey)ətrafında və fonunda kadrlar çəkdik, körpünün altından bura piyada 3-4 dəqiqəlik məsafə var.
Burada isə gəzə-gəzə Hyde Park tərəfə getməyə başladıq, gəzinti zamanı Londonun məşhur qırmızı telefon qutularında, metro stansiyalarının birində (yaxınlıqdakıWestminster Station), eləcə də Hyde Park yaxınlığında həm atlı, həm də piyada karaul (royal guard) fonlarında xeyli foto çəkdik.
Nahardan sonra çəkilişlərimizi davam etmək üçün Londonun ən gözəl parklarından biri olan St. James parkında getdik, yaşıllıq, gözəl təbiət, gölü, qu quşları ilə yanaşı London Eye (Londondakı şeytan çarxı) fonunun hamısını bir arada bu parkda görmək mümkündür.
Gündüz vaxtı çəkilişlərimizi Kensingtron rayonunda davam edərək metro ilə Tower Bridge tərəfə gəldik. Öncədən hazırladığım planda bu körpüdə çəkiliş etmək olmazsa olmaz idi. Günün sonuna doğru günəşin batmağa başlaması ilə birlikdə ən yaxşı alınan kadrların bir qismi məhz burada oldu. Məkan o qədər xoşuma gəlmişdi ki, çəkilişin ertəsi günündə bura yenidən gəzib körpünün üzərində olanTower Museuma da getdim.
Tower Bridge-də çəkilişdən sonra 500 ətrafında foto alınmışdı artıq, günün sonunda axşam vaxtı yenidən mərkəz tərəfdə axşam çəkilişlərini edərək Londondakı love story fotosessiyasını bitirdik.
Üzərindən bir müddət keçsə də hər dəfəsində məmnuniyyətlə xatırlayıram London səfərimi. Ümid edirəm ki, bir gün yenidən Londona daha yaxşı fotosessiya üçün qayıdacağam, təkcə fotoqraf olaraq deyil, həm də təcrübəli gəzəyən olaraq 😉 London Lovers fotosessiyamdan bəzi kadrları sizlərlə paylaşıram, şərh qismində öz fikirlərinizi yazmağı unutmayın.
P.S. Toy günlərində cütlüyə sürpriz edərək Londondan aldığım t-shirtu geyinib getmişdim 🙂