Bir səyyah Praqa’nı öz bloqunda təsvir edərkən belə bir ifadə işlətmişdi ki, “Praqa – ayaqlarınızın gəzməkdən ağrıyacağı, bir neçə kilo kökələcəyiniz, planlanmamış alış-verişə xeyli pul xərcləyəcəyiniz bir şəhərdir. Bunlara baxmayaraq – ilk səfərinizdə aşiq olacağınız, daha rahat ayaqqabı, daha böyük iştah və əlavə çemodanınızla yenidən gələcəyiniz bir şəhərdir Praqa”
Bu deyilənlərə əlavə olaraq deyərdim ki, nağıl kimi bir şəhərdir Praqa. Son müsahibəmdə mənə verilən bir suala cavab olaraq bildirmişdim ki, Praqa – getdiyim yeganə şəhərdir ki, həm orada ola-ola, həm də səfər bitib Bakı’ya qayıtdıqdan sonra köçüb yaşamağı düşünmüşdüm. Həqiqətən mənim fikrimcə Praqa – Avropa’nın ən gözəl şəhərlərindən biridir.
Şəhər özü ümumilikdə 22 inzibati rayona bölünür. Odur ki, Praqa’da otel rezervasiya edən zaman harada yerləşdiyinə diqqət edin. Turistik nöqteyi nəzərdən ən maraqlan olanlar Praqa 1 və Praqa 2-də yerləşir.
Praqa’nın çox rahat nəqliyyat sistemi var. Bütün nəqliyyatda vahid ödəniş sistemi keçir, biletlərin qiyməti isə vaxtına görədir, yəni 30 dəqiqəlik, 60 dəqiqəlik, 1 günlük və s. Həmin vaxt ərzində qüvvədə olan biletlə avtobusa, tramvay və metroya, həmçinin bərə və funiklyora minə bilərsiniz.
Praqa’da Náměstí Míru adlanan metro stansiyası bütün Avropa Birliyi ölkələri arasında ən dərin metro stansiyası hesab edilir. Beləki, stansiyanın perronu yer səviyyəsindən 53 m dərinlikdə yerləşir. Almaniyanın ThyssenKrupp firmasının istehsalı olan eskalator isə 87 m olub bütün Avropa Birliyində ən uzun eskalator sayılır.
Praqa’da görüləcək yerlər və tarixi məkanlara gəldikdə isə:
1) Karluv Most (Charles Bridge) – həm turistlərin, həm də yerli xalqın sevdiyi bu körpünün yaşı 600-dən çoxdur. Körpü boyunca 30a yaxın heykələ rast gəlmək olar. Belə bir əfsanə var ki, arzu tutub Jan Nepomucky-nun heykəlinə toxunanda o gerçəkləşirmiş. Nə dərəcədə doğru olduğunu bilmirəm, amma heykəlin qarşısına turistlərin çoxluğundan yaxınlaşmaq mümkün deyildi 🙂
2) Prazsky Hrad – Praqa’da turistlərin ən çox ziyarət etdiyi tarixi məkanlardan biridir. Praqa’nın ən böyük qalası burada yerləşir, eləcə də kompleksin daxilində bir neçə kilsə və saray da var. Hal hazırda Çexiya Respublikası prezidentinin rezidensiyası kimi istifadə olunur. Giriş darvazası önündə fəxri karaul keşikdə dayanır, gördüyüm qədərilə turistlərin selfie etməyi sevdiyi nöqtələrdən biridir.
3) Staromestske Namesti – içəri şəhərin (Old townPrague) tam mərkəzində yerləşən tarixi bir meydandır. Çexlərin milli qəhrəmanı Jan Hus’unabidəsi bu meydanda yerləşir. Bununla yanaşı, bir sıra tarixi kilsə və abidələr, o cümlədən məşhur Astronomik Saat (Astoronomical Clock) bu meydana yaxındır. Turistlərin həddindən çox olduğu meydanda xeyli sayda kafe, restoran və suvenir dükanları yerləşir.
4) Vysehrad – bütün Praqa’ya gözəl mənzərə açılan qala kompleksi
5) Vaclavske namesti – bir növ bizim 28 may voğzalı ətrafına bənzəyən bir meydandır, necə deyərlər Praqa’da hara getsəniz gəlib bura çıxacaqsınız və ya burada gedəcəksiniz. Meydanın başında çex knyazı Vaslav’ın atlı abidəsi var. Bir çox insan görüş yerini abidənin yanına salır, eləcə də bir çox tur şirkətlərinin turlarının başlanğıc nöqtəsi də məhz buradır.
6) Tancici dum – yəqin ki, fotolarda bu evə çox rast gəlmisiniz, Praqa-da müasir arxitektura nümunələrindən biridir. Ev, düz və əyri formada iki silindirdən ibarətdir, tikildiyi zaman yerli xalqın və memarların tənqidinə məruz qalsa da, sonradan Praqa-nın müasir simvollarından birinə çevrilib.
7) Petrinska rozhledna – Fransa’dakı Eyfel qülləsinə bənzər bu qüllənin hündürlüyü 63 metr olub, Praqa’da ən hündür tikili sayılır. Deyilənə görə baxış meydançasından gözəl mənzərə açılır, getməyə çatdırmayıb bir sonrakı Praqa səfərimə saxladım.
Praqa səfərimin üzərindən 10 aya yaxın keçən bir müddətdə yeni səyahət bloqum üçün bunları xatırlayıb yazdım. 3 gün ayırmaqla fikrimcə Praqa’nı yaxşıca gəzmək olar;mən də elə etmişdim, lakin 1 gününü Cesky Krymlov’aayırdım, o haqda ayrıca yazacağam. Hələlik isə sizi fotolarla baş-başa buraxıram