Hər nə hikmətdirsə son günlər şengen vizası ilə əlaqəli inboxa saysız hesabsız suallar gəlir mənə (böyük ehtimalla bu mövzularda paylaşımlarda bilgiləndirmə etdiyimdən), hazırlaşırdım ki, qrupda ümumi post açıb sualları bir arada cavablandırım, bugün şengen vizamın cavabı müsbət yekunlaşdığından bu postu yazmağa qərar verdim. Ümid edirəm ki, faydalı olacaqdır.
Ən son ötən il 13 aprel tarixində Çexiya Səfirliyindən viza aldıqdan sonra bu il may-iyun ayında edəcəyimiz Balkanlar qrup turu üçün Latviya səfirliyinə sənədləri verdim. Edəcəyimiz turda ƏN ÇOX Sloveniya-da olacağıq, Sloveniyaya vizanı isə Latviya verir. Turist vizası üçün artıq uzun müddətdir ki, səfirlik özü sənəd qəbul etmir; Demirchi Tower-də yerləşən VFS şirkəti sənədləri qəbul edir.
Viza üçün verdiyim sənədləri detallı formada aşağıda yazıram.
1) Marşrutda olacaq 4 aviabilet. Ödənilmiş.
2) Marşrutda olacaq şəhərlər arası avtobus biletləri. Ödənilmiş.
3) Marşrutda olacaq rent car rezervasiyası. Ödənilmiş.
4) Tur boyunca qalınacaq airbnb ev və otellərin rezervasiya və ödəmə olunduğu barədə confirmationlar.
5) Səyahət sığortası. (Atəşgah, 23AZN)
6) Düzgün doldurulmuş və imzalanmış application forması. 3.5×4.5 qaydalara uyğun fotoşəkil
7) Bir neçə bank hesabından çıxarış və arayış.
8) İş yerimdən arayış (fotoqraf olaraq fərdi sahibkaram), möhürlü, imzalı.
9) Fərdi sahibkar olaraq Vergilər Nazirliyindən çıxarış (əldə etdiyim gəlirin vergisini ödədiyimin sübutu olaraq), VÖEN-in tərcümə və təsdiqi.
10) Daşınmaz və daşınar əmlakın mövcudluğunu sübut edən sənədin tərcümə və təsdiqi
11) Mövcud və öncəki passportlarda vizaların surəti.
12) Və sonda – səfirlikdə interview olmayacağı və səfər məqsədini sözlü olaraq izah etməyim mümkün olmayacağı üçün səfir adına yazdığım cover letter. Məktubda, səyahət məqsədi, təqdim etdiyim sənədlər və s. haqqında ümumi bilgi vermişdim.
14) Əlavə olaraq – avqust ayında edəcəyimiz digər Pribaltika turu üçün tam ödəniş edilmiş evlərin rezervasiyası və aviabiletlər.
15) Ödənmiş 35Avro viza rüsumu və 51AZN VFS xidmət rüsumu.
Hər 2 tur üçün bütün bu qeyd etdiyim sənədlərin toplamı nə az, nə çox, möhkəm dayanın – tam 142A4 səhifəsi etdi. Bəli, doğru oxudunuz, tam 142! 😀
Ötən il Çexiya Səfirliyindən viza aldıqdan sonra etdiyim paylaşımda qeyd etdiyim kimi, əgər məqsəd HƏQİQƏTƏN turistikdirsə, bu məqsədi sənədlərlə göstərmək və sübut etmək mümkündürsə, nəhayətində turist vizası alıb Avropaya getdikdən sonra ölkənizə qayıdacaq səbəblər varsa (əmlakınız, daimi işiniz, ailəniz, övladlarınız, ayrı məşquliyyətiniz və s. və i.a.) bunları doğru düzgün formada təqdim etdiyiniz zamanı imtina səbəbi olmur, Avropaya ilk dəfə çıxacağınız təqdirdə belə. Bir oteli rezerv edim, viza alım, sonra cancel edim dostumda qalım, 5-10 manat verib saxta bank arayışı alım və s. kimi işlər olmasa, vizaya “otkaz” da olmur.
Sonda, viza prosesində zamanı Latviya səfirliyi ilə bağlı məsləhət verən gəzəyən dostlara, bank sənədlərini hazırlamaqda göstərdikləri həssaslığa görə Expressbank yasamal filialı əməkdaşlarına, bütün proses boyunca yaranan sualları səbrlə cavablandırıb daim dəstək olan dostum Baba Aghayev və Эльмар Мамедли (Mamedli Elmar)yə öz təşəkkürümü bildirirəm.
Hələlik isə, #evdeyoxam, Balkan turuna hazırlaşıram, soruşan olsa yeni səyahət saytım üçün material toplamağa getdi deyərsiniz 😉
P.S. ÇOX özəl rica: viza ilə bağlı nə sualınız varsa mənə inboxa yox, bu paylaşımın altına yaza bilərsiniz. Bildiyim məqamdırsa, cavablandırmağa çalışaram
P.P.S. təzə passport cover-im necədir? 😀
Sondan son P.S. 142A4 sizə həddən çox gəlməsi normaldır, sadəcə nəzərə alın ki, bu 2 turda qalınacaq şəhər sayı rekord həddədir (inşallah), ona görə hər evin rezervasiyası, confirmationu sənəd sayını belə çox edib.
2 Comments
Bey, melumat uchun teshekkurler. Bele bir sualim var. Ozum sentyabr ayi uchun Latviya sefirliyine viza ucun muraciet etmek isteyirem. Amma ishim kontraktla oldugu uchun texmini 2 ay olar bitib, yani indi resmen ishsizsem. Bes menim kimi ishsiz olanlar nece ish yerinden arayish meselesini hell etsinler? Melumatlinizsa mumkunse paylashardiniz. Teshekkurler ve Ugurlar
Buyurun dəyməz.
Köhnə iş yerinizdən arayış ala bilərsinizmi ki, filan müddətdə orada müqavilə əsasında işləmisiniz?
Belə bir arayış təqdim edə bilərsiniz məncə