Mançester şəhər olaraq elə böyük deyil, amma ətrafdakı 8 başqa rayon (İngiliscə borough deyilir – Bolton, Bury, Oldham, Rochdale, Stockport, Tameside, Trafford, Wigan) və 1 şəhərlə (Salford) birlikdə Greater Manchester metropolisini əmələ gətirir və bu metropolis 2.8 milyon əhalisi ilə Krallığın ən böyük ikinci metropolisidir. Durub sizə şəhərin bütün tarixini filan danışmağa çalışmayacam, sadəcə onu deyim ki, Mançester dünyanın əsas sənaye şəhərlərindən biridir və loft/industrial tərzini sevirsinizsə, bu şəhər əsl sizlikdir.
Mançesterə necə getmək olar? Mən İngiltərəyə gələn turistlərin əksəriyyətinin marşruta Londondan başladığını nəzərə alıb Londondan necə getməyi deyəcəm, şimaldan gəlmirsinizsə hər bir halda gəlib Londondan getməli olacaqsınız onsuz da. London – Mançester arası məsafə təxminən 209 mil yəni 330 kilometrdən bir az çoxdur. Bu məsafəni qatarla da gedə bilərsiniz, coachla da, lap ürəyiniz istəsə maşınla da.
Mançesterə qatarlar Londonun Euston stansiyasından gedir. Euston mərkəzi Londonda Camden rayonunda yerləşir. Əgər başqa şəhərdən transferlə gəlirsinizsə ya Victoria ya St Pancras stansiyalarından birinə gələcəksiniz. Euston St Pancrasdan 15 dəqiqəlik yerimə məsafəsindədir. Əgər yeriməklə aranız yoxdursa St Pancras stansiyasının yaxınlığındakı King’s Cross stansiyasından Eustona tube istifadə eləyə bilərsiniz. London Victoriadan da eyni formada tube istifadə edərək Eustona gedə bilərsiniz. Euston Stansiyası da Victoria xəttində (açıq mavi rəngli xətt) yerləşir deyə birbaşa qatar dəyişmədən rahat gedə bilərsiniz. Burda bir haşiyə də çıxım ki, əgər başqa şəhərlərdən birbaşa Mançesterə qatar bileti alırsınızsa həmin bilet həm də bir stansiyadan o birinə getmək üçün metroda da keçərlidir, yəni əlavə pul ödəməyinizə ehtiyac yoxdur.
Hə gəlib çatdınız Eustona sonra nə olacaq? Eustondan Manchesterin Piccadilly stansiyasına hər 20 dəqiqədən bir qatarlar çıxır. Qatarlar Virgin şirkətinin qatarlarıdır. Keyfiyyətləri və sürətləri normaldır. Londondan Mançesterə təxminən 2 saat 15 dəqiqə çəkir qatarla səyahət. Qatarlarda bufet var, rozetka ancaq first classda var, ¬¬wi-fi isə var, ancaq pulludur. Minimum bir günlük ala bilirsiniz, onun da qiyməti 5 funtdur. Pulsuz olan BEAM adlı multimedia şəbəkəsi var, filmlərə filan baxa bilərsiniz amma elə maraqlı deyil, 5 funt ödəmək istəmirsinizsə özünüzlə yolda oxumağa kitab götürün
Qatardan əlavə Mançesterə coach deyilən şəhərlərarası və beynəlxalq avtobuslara da getmək olar. London – Mançester arası fəaliyyət göstərən ən məhşur iki coach şirkəti National Express və Megabusdur. Megabus istifadə etməmişəm, National Express haqqında onu deyə bilərəm ki, avtobusları çox rahatdır, qatardan fərqli olaraq burda rozetka var, Wi-Fi pulsuzdur və avtobuslar tualetlə də təmin olunub. Coachla getmək üçün Londonun Victoria coach stansiyasına getməliniz. Bu stansiya Victoria qatar stansiyasının alt tərəfində təxminən 10 dəqiqəlik məsafədə yerləşir. Coachla səyahət təxminən 6 saat çəkir və səyahət Manchester Coach Stationda başa çatır (Piccadillydən o qədər də uzaq deyil) Bundan əlavə əgər maşınla getmək istəsəniz M40 avtomagistralı ilə təxminən 4 saata çata bilərsiniz.
Hə gəlib çatdınız Mançesterə, sonra hara getmək lazımdır? Burda dövrəyə mənim ilk baxışdan aşiq olduğum Mançesterin tramvay xətti girir. Yəqin ki hamı razılaşar ki, tramvaylar istənilən şəhərə xüsusi gözəllik verir. Mançesterdə isə tramvaylar gözəllikdən əlavə həm də insanların həyatını çox rahatlaşdırır, sistem mükəmməl işləyir.
Mançesterdə tramvay xətlərində Metrolink adlı şirkətin sarı tramvayları fəaliyyət göstərir. Bu stansiyalardan biri də düz Piccadily-nin çıxışındadır. Əgər aeroportdan gəlirsinizsə, yenə də narahat olmayın, Aeroportda da bir tramvay stansiyası var. Tramvaylar pulsuz wi-fi’la təmin olunub və istənilən səyahətçi üçün bunun önəmini deməyə ehtiyac yoxdur.
Mən məsləhət görürəm ki, birdəfəlik biletlər əvəzinə dayticket alasınız. Dayticket alanda ya təkcə tramvay, ya tramvay+avtobus, ya da bütün transportlar variantını seçə bilərsiniz. Dedyim kimi tramvay şəbəkəsi mükəmməl işləyir deyə başqa transporta ehtiyac qalmır. Tək tramvay üçün olan dayticketin qiyməti 5.40 funtdur. Bu biletlə gün ərzində tramvaydan limitsiz istifadə edə bilərsiniz.
Hə, nəhayət ki keçək şəhərlə tanışlığa. Mən Mançesteri təsəvvürümdə necə canlandırırdımsa, tam da o formada qarşıladı məni. Bol yağışı, hündür binaları və sənaye ab-havası ilə. Burda yenə bir haşiyə çıxım. O biri yazılarımda da dediyim kimi İngiltərənin harasına, hansı fəsildə getməyinizdən asılı olmayaraq həmişə üstünüzdə sukeçirməz paltarlar götürün. Şıdırğı yağışın sizi harda və necə tutacağını heç vaxt təxmin edə bilmirsiniz.
Mən Mançesterlə tanışlığa St Peter’s stansiyasından başladım. Yerlilər dedilər ki, şəhərin mərkəzi burdan başlayır. Üstəlik St Peter’s stansiyası bütün 6 tramvay xəttinin də kəsişdiyi 3 stansiyadan biridir deyə burdan hər yerə gedə bilərsiniz. Maraqlananlar üçün o biri 2 stansiya da Cornbrook və Deansgate-dir. Ətraflı tramvay xəritəsi üçün Metrolinkin mobil appini yükləyə bilərsiniz.
St Peter’s stansiyası Mançesterin demək olar ki bütün məşhur yerlərinin mərkəzində yerləşir. Burdan başlayaraq Manchester Central Library, Mancher Central Convention Complex (Bura bir növ bizim Expo Mərkəzi kimi bir yerdir, müxtəlif sərgilər və konfranslar üçün nəzərdə tutulub) Manchester Town Hall və Manchester Art Gallery-ni görə bilərsiniz. Bu küçə ilə düzünə davam eləsəniz gedib Piccadilly Gardensə çıxacaqsınız. Mənim telefonum həmişəki kimi vəfasız çıxdığı üçün ayaqlarıma güvənib plansız və xəritəsiz gəzməyə başladım və hər şeyi olmasa da bir çox şeyi görə bildim. Görə bilmədiyim və görə bilmədiyimə peşiman olduğum əsas yerlər isə John Rylands kitabxanası, Sənaye və elm muzeyi (Museum of Science and Industry) və Manchester Art Gallery oldu. Bundan başqa bir-birinə yaxın olan Opera House və People’s History Museuma da dəyə bilərsiniz çay kənarına getmişkən.
Deyəcəksiniz daha nə gəzmək oldu ki bu. Mən Mançesterə iş üçün getmişdim deyə gəzmək planımda yox idi, spontan alındı, ona görə də ətraflı araşdırma eləməmişdim. Bunu ona görə yazıram ki, siz bu yerləri görmədən keçməyin. Bircə onu deyim ki, Manchesteri gəzmək üçün 1 gün çox azdır, heç olmasa 2 gününüzü ayırın gəlirsinizsə.
Mərkəzi kitabxana ilə üzbəüz olan bir otel binası haqqında yazmasam günah olar. Midland Hotel adlanan bu bina o qədər möhtəşəmdir ki, 15 dəqiqə hər tərəfinə fırlanıb detallı incələdim. Boyum çatsa binanı qucaqlayardım yəqin.
Şəhərin bu hissəsini görəndən sonra elə town hall’un yanındakı küçə ilə Cross street-ə çıxa bilərsiniz. Bu küçə ilə düşməyə davam eləyəndə Mançesterin daha bir məşhur yeri olan Royal Exchange Theatre görəcəksiniz. Bu küçəni axıra qədər davam eləsəniz Mançesterin ən məşhur ticarət mərkəzi olan Arndale-in yerləşdiyi Market streetə çatacaqsınız. Cross streetin sonuna çatanda əgər sola dönsəniz gedib çay kənarındakı Victoria küçəsinə çıxacaqsınız, burdan da əvvəldə yazdığım John Rylands kitabxanasının, Sənaye muzeyinin, People’s museumun, Mançester Katedralının və Milli Futbol Muzeyinin yanına piyada gedə bilərsiniz.
Sağa dönəndə isə gedib Piccadilly gardensə çıxacaqsınız, amma orda maraqlı heç nə yoxdur, gardens dediklərinə görə mən ən az Londonun st James, Green park kimi bir parkını gözləyirdim, amma hündürmərtəbələrin ortasındakı balaca yaşıllıqdan başqa heç nə yoxdur orda. (Ax, kaş ki sola dönərdim… 😀 )
Evdəolmayan: Ismayıl Nur