Создание сайтов
Evdə olmayanlar

London, United Kingdom

Londonu görmək çoxdankı arzularımdan idi. Artıq iki aydır ki, İngiltərədə olsam da, hələ də gedib Londonu görə bilməmişdim. Mən də İngiltərəyə gəlməyimin ikinci ayı tamam olan gün özümə Londona səyahət hədiyyə etməyə qərara gəldim. Əvvəlcədən deyim ki, mətn bir az uzundur, çalışdım ki, mümkün qədər real təsvir edim əsl Londonu.

 

Getməmişdən əvvəl bilirdim ki, saat 11-də Buckingham sarayında karaul dəyişir və bu şounu görməyə dəyər. Ona görə saat 7-dən durub avtovağzala getdim ki, vaxtında çatım. Londona səyahətim Victoria stansiyasından başladı. Victoria stansiyası mənim İngiltərədə aeroportdan sonra gördüyüm ilk yerdir. Düz iki ay əvvəl həmin bu stansiyadan Canterbury-dəki yeni həyatıma doğru yola çıxmışdım. Victoria, bir növ bizim 28 Maydır, buradan başlayıb şəhəri piyada gəzə bilərsiniz.

Əgər bəxtiniz gətirsə və hava yaxşı olsa bütün Londonu prinsipcə piyada gəzə bilərsiniz, əgər tənbəl deyilsinizsə. Mənim bəxtim gətirdi, London məni xoş, yağışsız hava ilə qarşıladı. Hop on – hop offa 30 funt verməkdənsə elə Victoriada həmin o hop on – hop off reklam bukletlərindən birini götürüb onun arxasındakı xəritə ilə eyni marşrutla gedə bilərsiniz. Mən həmin gün 20km piyada gəzdim. Görmədiyim yer bircə Hyde Parkla Tower Bridge oldu, onlar da gələn dəfəyə muzeylər üçün gedəcəyim günə qaldı.

Londonda azmaqdan qorxmayın. Mənim kimi xəritələrlə arası olmayan adam bilə xəritəylə bir çox yeri tapa bildim. Əsas bir turistik yeri tapana qədərdir. Sonra çoxluq hara gedirsə düşürsən onların yanına özləri aparırlar. Həm də Londonda istənilən vaxt yolu soruşa bilərsiniz. Nəzakətli və mehriban London sakinləri başa düşənə qədər 5 dəfə də təkrarlayacaqlar yolu.

Dediyim kimi saat 11də Buckingham-dakı karaul dəyişməliydi, ona görə çox yubanmadan üz tutdum saraya. Eşitmişdim ki, turistlər o qədər çox olur ki, nəsə görmək üçün gərək 2-3 saat qabaqcadan gedəsən. Mən çatanda artıq 15 dəqiqə gecikmişdim deyə yer tapmaq biraz çətin oldu. Amma bir azca səbrli olsanız səbrsizlər tez-tez yerlərindən çıxıb başqa yer axtarmağa gedirlər, biraz gözləyəndən sonra ön cərgədə yeriniz hazır olur.

Şou bitəndən sonra əgər vaxtınız varsa biraz Green Parkda gəzin, əla yerdir, payız öz qızılı rəngləri ilə daha da möhtəşəm etmişdi.

Buranı da görəndən sonra axır ki, Temzanın sahilinə düşüb Big Beni, Wesminstersarayını və London Eye-ni görmək vaxtı idi. Yolüstü Trafalgar meydanına da baş çəkə bilərsiniz. Şirlərin üstünü bir saniyə boş tapsanız hələ şəkil də çəkdirə bilərsiniz.

Hə, Wesminster stansiyasına çatanda isə əsas sürpriz burda gözləyir. Big Benin restavrasiya üçün bağlandığını bilirdim, amma mən elə bilirdim ki, əsas saat olan yerinə hələ çatmayıblar. Nəticədə isə məlum oldu ki, çatıblar, hələ ondan o tərəfə də qalxıblar. 2021-ci ilə qədər açılmayacaq bir də, əgər Big Ben üçün gəlirsinizsə 2 dəfə fikirləşin. Big Beni görmək mənim üçün əsas deyildi, bəziləri sırf onu Londonun simvolu saysalar da Londonda simvoldan çox nə var ki?Londonda nəyə əlini atsan Londonun simvoludur onsuz da.

Londonun çay qırağı mənə Moskvanı çox xatırlatdı niyəsə. Eyni cür körpülər, eyni cür bulvarlar, onlarda çayın qırağında Kremlin divarları, burda da Westminstersarayı. Bəlkə də mənə elə gəlib amma bir anlıq elə bildim dejavu yaşayıram.

Westminster körpüsünü keçəndə gördüm ki,Waterloometro stansiyasının yaxınlığındayam. Burdan gedəcəyim yerə əslində piyada 15 dəqiqəyə çatmaq olardı, amma Londona gəlib dünyanın ilk metrosuna minməmək də günah olardı. Ona görə qərara gəldim ki,Waterloodan Govent Gardenə metro ilə gedim.

Waterloo metrosu Waterloo Dəmiryol stansiyasının daxilində yerləşir, təkcə stansiyanı görmək üçün bilə içəri girməyə dəyər.

London metrosu dünyanın ən qədim metrosudur dediyim kimi. Underground və ya Tube adı ilə tanın metronun ilk xətti 1863-cü ildə açılıb. İndi isə artıq 270 stansiyası ilə dünyanın ən qarışıq metrolarından biridir.

Həm də bahalı. Waterloodan Covent Gardenə qədər cəmi 4 stansiya getməyə görə (London metrosunda getdiyin məsafəyə görə pul ödəyirsən) 4.90 £ (11 manat verdim). Mən 11 manata Bakıda 1 ay metroyla işə gedib gəlirdim. İndi başa düşürəm Londonda niyə hamı velosiped sürməyə üstünlük verir.

İçəri girdiyimə görə, bileti daha məcbur aldım. Birtəhər soruşa soruşa gedəcəyim xətti də tapdım mindim. Bir sürpriz də Covent Gardenə çatanda yaşadım. Metrodan çıxanda öyrəşdiyimiz kimi eskalatorla yox liftlə çıxırsan yuxarı.

Hə, indi isə Covent Garden haradır və mən niyə bura gəldim?Covent Garden kafelərin, restoranların, əyləncə mərkəzlərinin, alış-veriş dükanlarının olduğu bizim tarqovlik kimi bir küçədir (Mərkəzi küçə demirəm, çünki burada belə küçələr bir neçə dənədir). Mənim bura gəlmə səbəbim isə outdoor dükanlarının yerləşdiyi bir məhlə idi. İngiltərənin ən məşhur outdoor mağazaları (The North Face, Jack Wolfskin, Ellis Brigham, Cotswold, Mountain Warehous) bu məhlədə yerləşir.

Burda piyada Leicester Square-yə davam eləyə bilərsiniz. Bura da əsas kafeləri və pubları ilə məşhur olan küçədir. Bu küçənin də davamı gedir Piccadilly-yə çıxır. Bura da Erosun heykəli və NY-un Times Square-sindəki kimi reklam monitorları ilə məşhurdur. Turistlərin şəkil çəkdirməyi çox sevdiyi yerlərdəndir.

Burdan isə harada olduğunu bilmədiyim üçün mənim gəzmək planımda olmasa da, birdən birə sürpriz kimi qabağıma çıxan Piccadilly-yə yaxın Soho-da yerləşən Chinatown-agedə bilərsiniz. Adının Chinatownolmasına baxmayın, çinli tək-tük qabağınıza çıxır, amma çin mətbəxini dada biləcəyiniz çoxlu restoranlar var. Rəngli çin fənərləri alatoranlıqla kontrast yaradıb çox əla görüntü ortaya çıxarıblar.

Mən Chinatown-açatanda hava qaralmağa başlayırdı, ona görə Hyde Parka onsuz da vaxtında çata bilməyəcəyimi başa düşüb biraz Oxford küçəsində veyllənməyə qərar verdim.

Regent streetlə gedəndə qabağıma möhtəşəm bir bina çıxdı. İçərisində çoxlu adamların olduğunu görüb muzey filan zənn edib içəri girəndə Apple store olduğunu gördüm. Məncə dünyadakı ən maraqlı Apple store-lardan biridir. Binaya çöldən baxanda adamın ağlı uçur. İçərisində isə ağaclar filan var, ləzzət elədi oradakı atmosfer.

Regent streetlə qalxanda Londonun ən məşhur küçələrindən biri Oxford streetə çatırsınız. Oxford street Londonun qəlbnin atdığı, ən lyuks fashion butiklərin olduğu, London elitasının axşamlar gəzməyə çıxdığı yerdir.

Bond street də, Piccadilly-dən Oxford street-ə qədər Regent street-ə paralel olaraq gedir. YSL, Versace kimi lyuks butiklərin yerləşdiyi 36 Bond Street shoperlərin ən müqəddəs yerlərindəndir.

Ümumilikdə London həm supermoderndir, həm çox tarixidir. Həm meqapolisdir, həm eyni anda qədim, balaca bir Avropa şəhərinə bənzəyir.

London həm bütün dünyanın maliyyə mərkəzlərindən biridir, həm qırmızı avtobusları ilə, telefon qutuları ilə hər addımda üzünü güldürə bilir.

Mən Londonda yaşaya bilərəmmi, məncə yox, çox böyükdür, rəsmi olaraq 8+ milyon, qeyri-rəsmi olaraq 10 milyon adam yaşayır. Çox qarışıqdır, həm də çox baha şəhərdir. Londonda ayın axırına sağ çıxmaq üçün ən az 3000 qazanasan gərək. Amma arada qonaq gəlmək üçün və hər səyahətçinin görülməli yerləri siyahısında olmaq üçün əla şəhərdir.

Evdəolmayan: İsmayıl Nur

 

Leave a Reply