Создание сайтов

Nəinki İndoneziyanın, eləcə də bütün dünyanın ən ekzotik adalarından sayılan Bali deyərdim ki, multifunksional səyahət zonasıdır. Tarixi yerləri, vəhşi təbiəti, çimərlikləri, macəra sevərlər üçün “bungy jump”, paraşütlə tullanmaq və eləcə də su aktivitiləri ilə bol olan Balidən bəzi göz oxşayan yerlərə nəzər salaq.

Bunlardan biri Tanah Lot hindu məbədidir. “Tanah Lot” yerli balinez dilində “suda üzən ada” deməkdir. Bu məbədin Balidəki digər məbədlərdən fərqi ondadır ki, birbaşa mərcan riflərinin üzərində tikilib və heç binanın bir standart küncü yoxdur. İlin hər altı ayı və ya 210 günü burada dini ayinlər keçirilir ki, minlərlə hinduist hər il buraya ibadət etməyə gəlir. İbadət saatlarında məbədə turist olaraq giriş qadağandır. Buranın ən gözəl turistik xüsusiyyətlərindən biri isə Hind okeanı üzərindən gün batımını izləməkdir, hansı ki hər il minlərlə turist məhz bunun üçün buraya gəlir. Tanah Lot kompleksinə giriş adambaşına böyüklər üçün 60,000 indoneziya rupisidir (təxminən 4 dollar yarım).

Nəzərə alsaq ki, Balidə tarixi yerlər sevənlər üçün yüzlərlə gəzməli məbədlər var, onların içlərində özümün də bəyəndiyim ən məşhurlarını ən fərqlilərini seçib qeyd edirəm: Uluwatu, Ulundanu, Goa Gajah, Bedugul, Besakih, Taman Ayun və Gunung Kawi.

Daha bir məşhur gəzməli yer olaraq Ubudda yerləşən Tegalalang düyü terraslarını da unutmaq olmaz. Giriş üçün 5000 IDR və ya yarım dollar ödəyəcəksiniz. Gözəl və qeyri-standart formalı düyü plantasiyası olsa belə palçığa batmağı da gözə almalısınız.

Əziz təbiət sevərlər, Balidə əkiz şəlalələrə getməyi qətiyyən unutmayın! Bir az yolunuz uzun olacaq şəlaləyə qalxana kimi amma olsun, dəyər! Deməli bu Gitgit şəlaləsi hündürlüyü 40 metrə yaxındır, Balinin şimalında Kuta yaxınlığında Sinqaraca şəhərində yerləşir. Giriş 5000 IDR yəni yarım dollar.

Keçək çimərliklərinə. Tailandın Phuketi, Malayziyanın Langkawisi ilə müqayisədə burada okean daha dalğalıdır və sörfinq sevənlərin sevimli məkanlarındandır. Daha az dalğalı okean sahillərinin çoxu lüks otel və villalar tərəfindən “zəbt olunub”. Əgər siz də mənim kimi tələbə büdcəsi ilə səyahət edənlərdənsinizsə Nusa Dua, Geger, Nusa Ceningan, Blue Lagoon(Gili adası) və Lovina (bura delfin turu ilə məşhurdur) çimərliklərini yoxlaya bilərsiniz.

Hə bir də yadımdan çıxmamış, siz dünyanın ən məşhur,ən bahalı və ən spesifik kofelərindən biri olan Luwak kofesi haqqında eşitmisiniz? Bir çoxunuza bu ad yəqin ki, “Bucket List” filmindən tanışdır. Siz “Bali Pulina Agro Tourism”ə gedərək bu əsrarəngsiz kofenin dadına və hazırlanma prosesinə baxa bilərsiniz. Bir stəkanı 50$. Ancaq bununla bərabər sizə eyni zamanda Balinin spesifik çaylarından və kofelərindən nümunələr gətirəcəklər ki, hamısının dadına baxmaq imkanınız olacaq. Üyüdülmüş 100 qramlıq kofenin qiyməti 70-100$ civarında olacaqdır.

Son olaraq marşrut haqda qeyd edim ki, Baliyə Seuldan getdiyimə və bir neçə ölkə turu götürdüyümə görə Seul-Kuala Lumpur, Kuala Lumpur-Sinqapur, Sinqapur-Cakarta reysi götürüb bir gün Cakarta qalıb gəzdim, daha sonra Cakarta-Yogyakarta reysi götürüb yenə bir günümü Yogyakartada keçirtdikdən sonra Yogyakarta-Bali reysinə bilet alıb nəhayət ki Baliyə gəlib çıxmışdım. İyul ayının son 10 günü üçün biletləri hələ may ayından aldığıma görə gediş-gəliş 300-400 dollar arasında olmuşdu. Otellər isə yerinə görə çox da baha deyil, orta keyfiyyətli amma çox mehriban və gülərüz personala malik. Bizim Balidə qaldığımız otel isə “Koa D`Surfer Hotel” idi hansı ki, 5 gün üçün təxminən 200 dollar xərc çıxmışdı. Xoş istirahətlər!

Evdəolmayan: Amelia Seyidova

Leave a Reply