About

Öncəliklə, sizləri bu yeni səyahət bloqumda salamlayır, xoş gördük deyirəm

Son bir aydır üzərində işlədiyim saytın hazırlıq işlərini tamamlayıb onu sizlərə təqdim etmənin sevinci ilə bir ön söz yazmaq istədim.

Fotoqraf olaraq incəsənətlə məşqul olduğum üçün daim yeniliklər, fərqliliklər axtarışındayam və mümkün olduqca çox səyahət etməyə çalışıram. Fərq etməz, istər ölkə daxili səyahət edib ölkəmizin bilinməyən gözəlliklərini kəşf etmək, istərsə də ölkə xaricində olub yeni mədəniyyətlər, yeni tarixlər öyrənmək, yeni insanlar tanımaq, yeni yol yoldaşları qazanmaq – izahı sözlə edilməsi çətin olan hisslərdir. Daha öncə turist olaraq gəzdiyim, iş səyahəti üçün getdiyim şəhərlər, foto çəkilişlər üçün olduğum ölkələr bir yana, 2017ci ilin may-iyun aylarında etdiyim Mərkəzi Avropa turundan sonra səyahət“virus”u sözün əsl mənasında mənə bulaşdı və asanlıqla məni tərk etməyəcək kimi görünür 🙂

Bu bloqu açmağa mənə stimul verən bir başqa amil isə son 1 ildir idarəçisi olduğum “Gəzəyənlər” qrupudur. 30000-dən çox gəzəyəni ilə bir ailə kimi olduğumuz bu qrupda səyahət, viza, turlar və s. ilə bağlı hər gün yüzlərlə yeni informasiya ilə qarşılaşdığım üçün istər istəməz səyahət mövzusu ümumilikdə həyatımın bir parçasına çevrilib. Odur ki, Facebook, Instagram səhifələrim ilə yanaşı məni bu qrupda da tez-tez görə bilərsiniz.

 

Saytıma gəldikdə isə, an etibarilə 4 bölmədən ibarətdir:

“Həmişə gəzməkdə” – etdiyim səyahətlər haqqında təəssüratlarımı, çəkdiyim fotoları paylaşacağam. Özəlliklə olaraq may-iyun ayında edəcəyim“Balkanların Fəthi”qrup turu və avqustdakı Pribaltıka qrup turundan sayt üçün yazılar yazacağam.

“Soruşan olsa” – bloqun şüarı (sloqanı) ilə eyni adı daşıyan bu bölmədə ucuz səyahətin yollarından tutmuş viza almaqla bağlı məsləhətlərə kimi müxtəlif faydalı məqalələr olacaq.

“Love story” bölməsi isə ölkə xaricində etdiyim love story fotosessiyaları və həmin getdiyim ölkələr haqqında olacaq.

“Evdəolmayanlar” – səyahəti sevən gəzəyənlər üçün ayırdığım bu bölmədə fərqli insanların fərqli şəhərlər haqqında təssüratlarına rast gələ biləcəksiniz.

Etdiyim bütün digər işlərdə olduğu kimi Evdeyoxam.Az layihəmin də sizlər üçün faydalı olmasına çalışdım, yalnız zövqlü və keyfiyyətli kontentə sahib olması üçün əlimdən gələni edəcəyəm. Oxuduğunuz məqalələrə şərh yazıb fikrinizi paylaşmaqla daha da gözəl iş ərsəyə gətirməyimə yardımcı ola bilərsiniz. Saytla bağlı yaradıcı fikirləriniz, tövsiyyələriniz, əməkdaşlıq təklifləriniz olarsa onları kenan@fotoqraf.az e-mailinə göndərməkdən çəkinməyin. Evdeyoxam.Az tək mənim deyil, “evdəolmayan” (səyahət edən) hər kəsin saytı olacaq 😉

Bol səyahətlər diləyilə

KƏNAN Məcidov